“Absheron Olive Garden” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşir. Müəssisə özündə 700 hektarlıq ərazidə yerləşən və müasir üsulla becərilən zeytun bağları ilə yanaşı həm də ölkəmizdə, habelə bütövlükdə regionda ən böyük və müasir zeytun yağı və süfrəlik zeytun məhsullarının emalı zavodunu birləşdirir.
Müəssisənin təməli “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası çərçivəsində 2017-ci ildə qoyulmuş, 4 noyabr 2022-ci il tarixində isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı həyata keçirilmişdir. Açılış zamanı Prezident görülmüş işlərə yüksək qiymət vermiş və bununla əlaqədar aşağıdakı fikirləri bildirmişdir:
“ Boş torpaqlarda belə gözəl Kompleks yaratmışıq. Burada tarix boyu heç nə bitmirdi, heç nə əkilmirdi. Amma biz hər yerdə xariqələr yaradırıq”.
Sonra dövlət başçısı tərəfindən sahədə zeytun ağacı əkilmişdir.
Müəssisənin yaradılmasında əsas məqsəd Abşeron torpaqlarında becərilən zeytun bağlarından yüksək keyfiyyətli zeytun yağı və süfrəlik zeytun məhsullarının hazırlanması və bu məhsulların ölkəmizin qida təhlükəsizliyi proqramları çərçivəsində ilk növbədə Azərbaycan vətəndaşlarına təqdim edilməsi, habelə “Made in Azerbaijan” brendi ilə zeytun məhsullarının ixracının həyata keçirilməsidir.
İnsan sağlamlığı üçün böyük faydalara malik zeytun yağının illik adambaşına düşən istehlak miqdarı, məsələn, Yunanıstanda 12,8 kq, İspaniyada 11,3 kq, İtaliyada 10,5 kq, Türkiyədə 1,8 kq, Rusiyada 1,7 kq olduğu halda Azərbaycan üzrə bu göstərici cəmi 400 qramdır. Müəssisənin qurulmasında əsas məqsədlərdən biri həm də bu göstəricinin əhəmiyyətli yüksəldilməsi və bununla daha sağlam və daha xoşbəxt bir cəmiyyətin formalaşmasına töhfə verməkdir.
“Absheron Olive Garden” MMC-nin zeytun bağları ölkəmizdə qeyri-neft sektoru və kənd təsərrüfatının inkişafı konsepsiyasının uğurla həyata keçirilməsinin nəticəsidir. Müəssisə İtaliya, Türkiyə, İsrail və d. ölkələrin mütəxəssislərinin birgə əməkdaşlığı ilə ərsəyə gətirilmişdir. Zirə qəsəbəsində uzun illər yararsız və istifadəsiz vəziyyətdə olan qayalıqlı və səhra ərazisi kimi tanınan 700 ha sahədə müasir zeytun bağları salınmışdır. Bağların salınmasında Portuqaliya, Yunanıstan, İspaniya və Türkiyədən müxtəlif zeytun sortları, o cümlədən Arbequina, Arbosana, İmperial, Gemlik, Manzanillo, Blanqueta, Koroneiki və digər yüksək keyfiyyətli sortlardan istifadə edilmiş və müəssisənin istehsal gücünə və bazarın tələbatına uyğun yağlıq, süfrəlik və qarışıq zeytun tinglərindən ibarət bağlar yaradılmışdır.
zeytun
ağacı
böyük
fabrik
növ süfrəlik
zeytun istehsalı
hektar ərazi
bağ sahəsi
ton zeytun
qəbul etmə gücü
ton illik yağ
istehsal gücü
Müəssisənin tərkibində ən müasir standartlara cavab verən 2 zavod fəaliyyət göstərir: Zeytun yağı emalı zavodu və süfrəlik zeytun məhsulu istehsalı zavodu. Yağ emalı zavodu İtaliyanın “Pieralisi” şirkəti ilə əməkdaşlıq çərçivəsində qurulmuşdur. İllik 35 min ton xam zeytun qəbul etmək gücü olan zavodda soyuq sıxım üsulu ilə “Extra Virgin” zeytun yağları istehsal edilir. Süfrəlik zeytun istehsalı zavodu isə Türkiyənin “Tutkun Makina” şirkəti ilə əməkdaşlıq əsasında qurulmuşdur. Zavodda yaşıl, qara, çəyirdəkli, çəyirdəksiz, dilimlənmiş, içlikli və s. növ süfrəlik zeytun məhsullarının istehsalı üçün şərait mövcuddur.
Hər iki zavodda istehsal olunan məhsulların keyfiyyətinin qida təhlükəsizliyi baxımından həm ölkə standartlarına həm də beynəlxalq standartlara uyğunluğu təsdiqlənmiş və müvafiq sertifikatlarla rəsmiləşdirilmişdir. İstehsal olunan məhsullar həm daxili bazarda yerli istehlakçılar üçün, həm də Rusiya, İsrail, Kanada, Türkiyə və İspaniya kimi ölkələrə “Made in Azerbaijan” brendi adı altında ixrac üçün nəzərdə tutulur.